Anlamaq istəyirəm (film, 1980)
Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur.
İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam...